Ağbil türbeleri..azerbaycan
Quba rayonunun Ağbil kəndi tarixi abidələrlə zəngindir. APA TV-nin şimal bürosunun xəbərinə görə, rayon ərazisində olan 15-ə yaxın qədim türbədən 4-ü Ağbil kəndində yerləşir.
Sovet dövründə qədim tikililərdən ikisi dağıdılsa da, ikisi qorunub saxlanılıb. Bunlardan biri də Şeyx Məziyyət türbəsidir. Yerli əhali tarixi abidəni yenidən bərpa edib. Tarix müəllimi Fazil Tahirovun sözlərinə görə, Şeyx Məziyyət türbəsi 1537-ci ildə Şirvanşahlar dövründə tikilib: "Türbələr Şirvanşah Xəlilullahın göstərişi ilə memar Tacəddin tərəfindən inşa olunub. Çöldən 4 və 8 guşəli formadadır. Hal-hazırda türbələrdən ikisi mövcuddur, qalan ikisi isə sovet dövründə məhv olunub. Bununla bərabər, Ağbil türbələrinin olduğu ərazidə müxtəlif qəbir daşlarına da təsadüf olunur. "Ağbil" sözü türk mənşəli söz olub, ağ və bil kiçik qəbir daşı mənasını ifadə edir. Hazırda mövcud olan iki türbənin içində qəbirlər var".
Türbələrin yerləşdiyi ərazidə kurqanlar və sandıq qəbirlər də mövcuddur. Fazil Tahirov deyir ki, qəbir daşları Səfəvi hökmdarı Şah İsmayılın yürüşləri zamanı həlak olan döyüşçülərin məzarlarıdır.
Tarixi tikilidən bir qədər aralıda Şeyx Rəşid türbəsi yerləşir. Abidə xaricdən 8 guşəli, daxildən isə 4 bucaqlı plana malikdir. Türbədə Şeyx Rəşidin məzarı da var. Qədim tikili şərq üslubunda inşa edilib. Hazırda insanlar buradan ibadət yeri kimi istifadə edir: "Bunlar 4 türbədir – Şeyx Murad, Şeyx Məziyəddin, Şeyx Rədiyəddin və Sufi Bəyazəddin. Rəvayətə görə, Şeyx Rədiyəddin və Şeyx Bəyazəddin qardaş olublar. Bunların nəsli övliya olur. İndi qarşısında durduğumuz abidə Şeyx Murad abidəsidir. Bayırdan 8 guşəli, içəridən 4 guşəli abidədir. Bunun üzərində əhəng daşı ilə ərəb əlifbası yazılmış 3 sətirli yazılar var. Bu sözlərdə deyir ki, “ey özləri özlərinə inanmayan adamlar, mənim və mənim Allahımdan kənarda olmayın!”
Qədim tikililər Mədəniyyət və Turizm Nazirliyinin ölkə əhəmiyyətli tarixi və mədəni abidələr siyahısına daxil edilib. Memarlıq nümunələrinin elmi tədqiqata ehtiyacı var.
Hiç yorum yok:
Yorum Gönder
Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.